Hər il təşkil olunan “Tesla Süni İntellekt Günü” tədbirində bu il Elon Musk insanabənzər robotunu təqdim etdi. Təqdimat zamanı robot səhnəyə rəqs edərək gəlib, tamaşaçılara əl sallayıb. Musk və Tesla mühəndislərinin təqdim etdiyi robotu idarə edən kompüter Teslanın avtopilot avtomobillərindəki kompüterlərə bənzəyir. Tədbir zamanı Tesla fabrikində bitkiləri sulayan və metal çubuqları daşıyan robotun görüntüləri tamaşaçılara nümayiş etdirilib. "Robot əslində sizə göstərdiyimizdən çox şey edə bilər, lakin biz onun üzü üstə düşməsini istəmədik" deyə Tesla-nın baş direktoru Elon Musk bildirib.
Tesla-nın 10 ildən çoxdur insanabənzər robotlar üzərində çalışdığını xatırladan Musk robotu kobud prototip olaraq adlandıraraq deyib: “Məqsədimiz ən qısa müddətdə, istifadəyə yararlı bir insanabənzər robot düzəltməkdir. Optimus-un inkişaf edib istifadəyə yararlı olduğunu sübut etmək üçün önümüzdə çox uzun bir yol var və çox çalışmalıyıq.”
O əlavə edib ki, məqsədi bu robotlardan milyonlarla istehsal etməkdir. Robotun satış qiyməti 20.000 dollardan aşağı olacaq. Sənaye sektoru üçün hazırlanmış Optimus-un Tesla fabriklərində avtomatik maşınların, eləcə də avtopilot sürücüsünə dəstək proqramını gücləndirən bəzi aparat və proqram təminatının işlənməsi üçün istifadə ediləcəyi açıqlanıb. Robotun 8 saatlıq iş görmək potensialına malik olduğu və çəkisinin 73 kiloqram olduğu öyrənilib.
Tesla-nın 2022-ci ilin birinci rübündə qazancları zamanı Musk, Tesla-nın öz robotu üzərində işləməyə davam etdiyini demişdi. Elon Musk onu da əlavə edib ki, insanlar Optimus robot proqramının nə qədər böyük olduğunu anlamırlar. Musk həmçinin 2050-ci ilə qədər əksər evlərin bir ev robotuna sahib olacağını düşündüyünü dedi.