Son zamanlar süni intellekt, texnologiya dünyasının bir nömrəli gündəminə çevrilib. Yazıları görüntüyə çevirən, suallarınıza ətraflı cavab verən, səsləri təqlid edən, hüquqşünas kimi fəaliyyət göstərən, hətta videolar hazırlayan süni intellekt texnologiyalarından sonra musiqi bəstəkarları ortaya çıxıb.
İnternet nəhəngi Google, yazılanları musiqiyə çevirən MusicLM adlı süni intellekt sistemi yaradıb. Ancaq bu sistem hələ ki hər kəs üçün açıq deyil.
Sistem yazılı mətnləri görüntüyə çevirən süni intellekt sistemlərinə bənzəyir və birbaşa musiqiyə fokuslanır. Bu mövzuda bir ilkə imza atmayan Google, yaratdığı MusicLM-in digər nümunələrə nisbətən daha inkişaf etdiyini bildirir. OpenAI Jukebox və Google AudioLM layihələrindən fərqli olaraq, Google MusicLM layihəsi təxminən 280 min saat musiqi ilə öyrədilmiş verilənlər bazası sayəsində Hi-Fi keyfiyyətində heyrətamiz müxtəliflik və dərinlikdə musiqi istehsal edə bilir. Verilən açıqlamaya görə, mürəkkəb parçaları hazırlaya bildiyi deyilən sistem janrları və alətləri birləşdirməklə yanaşı, kompüterlərin qavraması çətin olan mücərrəd anlayışlardan istifadə edərək parçalar da yazır. Hətta zümzümə, fit və ya şəkil təsviri əsasında melodiyalar yarada bilən sistem bir musiqi əsərində birdən çox janrı birləşdirə bilir, lakin təəssüf ki, hazırda hamı tərəfindən sınaqdan keçirilə bilmir.
Bildirilir ki, Google müəllif hüquqları ilə bağlı narahatçılıqlar səbəbi ilə sistemdən daxili istifadəni davam etdirəcək (təlimdə istifadə edilən 280 min saat musiqi arasında müəllif hüquqları ilə qorunanlar da var), ictimaiyyətin istifadəsi ilə bağlı isə hələlik heç bir məlumat verilmir.