2029-2030-cu illərdə insanlıq sonsuz yaşama qovuşacaq. Bu sözləri amerikalı kompüter alimi, ixtiraçı, futuroloq, Google-un texnologiya rəhbəri Raymond Kurzweil deyib.
Süni intellekt effektiv zəkamızı milyardlarla dəfə artıracaq
Alimin sözlərinə görə, 2030-cu ilə qədər insan orqanizminə yerləşdiriləcək nanorobotlar insanların xəstəliklərdən xilas olmasına kömək edəcək. Kurzweil insan ömrünün hər il, bir ildən çox artırıla biləcəyinə inanır və buna tamamilə əmindir. O, süni intellektin bu zamana qədər insan zəkasına sahib olacağı fikrini də bu sözlərlə ifadə edir: "2029-cu il, süni intellektin Türinq testindən keçəcəyini və beləliklə də insan zəka səviyyələrinə çatacağını proqnozlaşdırdığım dəqiq tarixdir. Effektiv zəkamızı, yaratdığımız süni intellektlə birləşdirib milyardlara dəfə arttıracağımız "Texnoloji təklik" üçün isə tarixi 2045-ci il olaraq təyin etdim."
Kurzweilin fikrincə, təklik qorxacaq bir şey deyil, insanları sağaldacaq və nəticədə bizi "ilahi" edəcək bir şeydir. 2015-ci ildə verdiyi açıqlamada “Daha əyləncəli olacağıq. Daha gözəl olacağıq. Sevgi hisslərini ifadə etməkdə daha yaxşı olacağıq" dedi və əlavə etdi: "Əgər iki saniyə ərzində 10.000 kompüterə daxil olmaq istəsəm, bunu simsiz edə bilərəm və (mənim hesablama gücüm) buludda özünü on min dəfə artırar. Biz bunu neokorteksimizlə edəcəyik”.
Kurzweil əvvəllər 150-yə yaxın proqnoz vermişdi ki, bunun da 85 faizi gerçəkləşdi. Onların əksəriyyəti kompüterlər və süni intellekt haqqındadır. Məsələn, o, 2000-ci illərdə virtual reallıq eynəklərinin və ağıllı saatların meydana çıxacağını proqnozlaşdırmışdı.
2010-cu ildə o, 20 il əvvəl verdiyi proqnozları da nəzərdən keçirərək onların neçəsinin düz çıxmasını yoxlayıb. Həmin icmalda o, 1990-2010-cu illər üçün verdiyi 147 proqnozdan 115-nin “tamamilə doğru”, digər 12-nin əsaslı şəkildə doğru olduğunu və yalnız 3-nün tamamilə yanlış olduğunu deyib. Təbii ki, onun sürücüsüz avtomobillər 2009-cu ilə qədər istifadəyə veriləcəyi kimi bəzi proqnozları o qədər də doğru deyildi.