Qrafik kartları bazarının aparıcı adlarından biri olan Nvidia, CES 2023 açılış mərasimində RTX Video Super Resolution texnologiyasını təqdim etdi. Yeni texnologiya brauzer videoların keyfiyyətini 4K-ya yüksəldə biləcək.
Nvidia-nın RTX qrafik kartlarında qarşılaşdığımız Deep Learning Super Sampling texnologiyası (DLLS) oyun sənayesində böyük bir dəyişiklik gətirdi. Bu sahəyə sərmayələrini davam etdirən Nvidia indi CES 2023 açılış mərasimində RTX Video Super Resolution-u elan etdi. NVIDIA şirkəti RTX Video Super Resolution texnologiyasını brauzerlər üçün adaptasiya edib. 360p keyfiyyətində olan videolar bundan sonra real zaman ərzində yüksək keyfiyyətli 4K videolara konvertasiya ediləcək. Şirkət öz növbəsində bu texnologiyanın necə çalışdığını sərgiləyib və ondan kimlərin istifadə edə biləcəklərini açıqlayıb. Qeyd etmək lazımdır ki, daha öncə RTX Video Super Resolution texnologiyası NVIDIA-nın Shield seriyasına daxil olan kompakt ölçülü oyun konsollarında aktiv idi. İndi isə şirkət sözügedən texnologiyanı brauzerlər üçün adaptasiya edib.
Məlumata görə, RTX Video Super Resolution DLSS-in oyunlarda necə işlədiyi kimi işləyəcək. Belə ki, kartlar üzərindəki Tensor nüvələrindən güc alacaq texnologiya süni intellektin köməyi ilə 1080p videonu 2K və ya 4K təsvir ölçüsünə yüksəldə biləcək. Təqdimatda Nvidia texnologiyanın demosunu da nümayiş etdirdi.

Artıq gələn aydan başlayaraq bu texnologiya NVIDIA-nın RTX 30 və RTX 40 seriyalarına daxil olan videokartlardan birinə sahib kompüterlərdə aktiv olacaq. Məlumatda qeyd edilib ki, RTX Video Super Resolution texnologiyası Google Chrome və Microsoft Edge brauzerlərində işə düşəcək. Şirkət digər brauzerlər barəsində bir məlumat verməyib. Sözügedən texnologiya çərçivəsində NVIDIA alqoritmləri Youtube, Netflix, digər video və streaming servislərində olan videoların görüntü keyfiyyətlərini yüksəldəcəklər. Gözləntilərə əsasən bu texnologiya istənilən növ video ilə çalışa biləcək.
Bugün Netflix və YouTube-dan başqa bir çox rəqəmsal məzmun platformaları PC istifadəçilərini 1080p ilə məhdudlaşdırır. Buna görə də deyə bilərik ki, Nvidia-nın yeni xüsusiyyəti Amazon Prime Video və ya Disney+ kimi platformalar üçün böyük təkmilləşdirməni təmsil edir.
RTX Video Super Resolution-ın Turing arxitekturasının RTX 20 qrafik kartları üzərində işləyəcəyi hələ açıqlanmayıb. Bundan əlavə, texnologiyanın Google Chrome və Edge-dən başqa hansı brauzerləri dəstəkləyəcəyi məlum deyil. RTX Video Super Resolution 2023-cü ilin fevralından istifadəçilər üçün əlçatan olacaq.