Elm adamları zədələnmiş hüceyrələri aşkarlaya və manipulyasiya edə bilən hibrid mikrorobotlar hazırlayıblar. Bu mikro robotlar sayəsində xərçəng xəstəliyinə çarə tapıla bilər.
İsrailin Təl-Əviv Universitetində tədqiqat qrupu ayrı-ayrı hüceyrələrin sağlam və ya problemli olub olmadığını yoxlaya bilən kiçik mikrorobotlar hazırlayıb. Hər birinin diametri cəmi on mikron olan bu kiçik robotlar hətta genetik analiz üçün elektrik enerjisi və ya maqnit istifadə edərək istənilən hüceyrələri başqa yerə köçürə bilirlər.
Mikro robotlardan dərmanları birbaşa hüceyrələrə çatdırmaq üçün də istifadə oluna bilər.
Testlərdə tədqiqatçılar sağlam və ya ölməkdə olan hüceyrələri ayırd etmək və xərçəng hüceyrələrini tutmaq üçün robotlardan istifadə edə biliblər. Əgər bu kiçik robotlar istifadəyə verilərsə, onlar xərçəng hüceyrələrini ayırmaq və bioloji nümunələr götürmək, daha sonra isə tibbi diaqnoz üçün istifadə edilə bilər.
Xəstəliklərin diaqnostikası və ya dərmanların tətbiqi üçün potensial yenilik yaradan bu robotlar avtonom hərəkət etmək qabiliyyətini artırmaq üçün bakteriya və sperma hüceyrələri kimi bioloji mikroüzgüçülərdən ilham alaraq dizayn edilib.
Növbəti mərhələdə tədqiqatçılar bu robotlardan hədəfə dəqiq istiqamətləndirilə bilən effektiv dərman daşıyıcısı kimi istifadə edəcəklər. Əgər bu robotlar bütün sınaqlardan uğurla keçə bilsələr, xərçəng xəstələri üçün üfüqdə bir işıq ola bilər.